Salam, dostlar. İnternet üzərindən xarici ölkələrdən mal sifariş edənlərin və etmək istəyənlərin çox verdiyi bir sual var: poçtda nə qədər pul alacaqlar? Yaxud da poçtda nə qədər pul almalıdırlar?
Gəlin ilk növbədə aydınlıq gətirək ki, xaricdən bizim adımıza bağlama gəldikdə, poçtda bizdən nəyə görə pul alırlar?
Cavab: Poçtda bizdən alınan pul – rüsumdur. Burda qeyri-qanuni bir iş görülmür. Daha dəqiq, bu, gömrük baxışına görə alınan rüsumdur.
Nəyə görə alındığı bilindisə, nə qədər alınmalı olduğuna da nəzər yetirək:
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının təsdiq etdiyi qərara əsasən:
- Daxili və beynəlxalq poçt göndərişlərinə dair özəl və əlavə xidmətlər üzrə tariflər
…
9. Beynəlxalq göndərişin gömrük nəzarətinə təqdim edilməsi
…
2. Daxil olan beynəlxalq göndərişin gömrük nəzarətinə təqdim edilməsi
2.1 -qiyməti bəyan olunmuş göndəriş, kiçik paket və M kisənin hər biri üçün – 1,40 manat
2.2 -bağlamanın hər biri üçün – 2,00 manat
Hər bir beynəlxalq göndəriş gömrük nəzarətindən keçdiyi üçün onlara görə rüsum alınır. Rüsumun məbləği isə göndərişin növünə görə fərqli olur. Adətən bizim xaricdən sifariş etdiyimiz mallar kiçik paketlərdə gəlir və onlara görə 1,40 manat rüsum alınır. Qəbul etdiyimiz paket yox, bağlama sayılırsa, onda 2 manat rüsum ödəməli olacağıq. Yəni çəkisindən asılı olmayaraq, bütün kiçik paketlər üçün 1,40 manat, bütün bağlamalar üçün isə 2,00 manat gömrük nəzarətinə görə rüsum ödəməliyik.
Qeyd: Çəkisi 500 qramdan artıq kiçik paketin Poçt Şöbəsində verilməsinə görə 0,60 manat əlavə xidmət haqqı da lınır.
Kiçik paket ilə bağlamanı necə ayıraq?
Kiçik paketin maksimum çəkisi 2 kq olur. Bağlamanın isə 2 kq-dan artıq olur. Əgər göndərişin üzərində izləmə kodu vardırsa, onun ilk simvolu ilə də təyin edə bilərsiniz. Kiçik paketlərdə izləmə kodunun ilk simvolu ya “R”, yaxud da “S” hərfi olur. Bağlamada isə ilk simvol “C” hərfi olur.
Kiçik paket və ya bağlama alarkən ödədiyimiz rüsuma görə bizə qəbz verilməlidir ki, bəzi poçt məntəqələrində bunu etmirlər. Elə buna görə də xaricdən paket və ya bağlama qəbul edən vətəndaşlar arasında həmişə çaşqınlıq yaranır. Ödədikləri pulun hara getdiyini bilməmələri ilə yanaşı nə qədər ödəməli olduqlarını da bilmirlər. Belə şübhələrlə üzləşməmək üçün ödədiyiniz pula görə qəbz tələb etməyi unutmayın.
Poçt xidmətləri üzrə qiymət cədvəlini Azərpoçtun rəsmi veb səhifəsindən yükləyə bilərsiniz: Poçt Rabitəsi xidmətləri üzrə TARİFLƏR
Qeyd 2: Gömrük nəzarətinə görə ödənilən rüsumla gömrük rüsumunu səhv salmayın. Gömrük rüsumu o halda tətbiq edilir ki, bizim adımıza 30 gün ərzində gələn bağlamaların dəyərinin cəmi 1000 dolları keçmiş olsun. Misal üçün: bir şəxsin adına 400 dollarlıq bir bağlama gəldikdən 16 gün sonra 700 dollarlıq növbəti bir bağlama gəlirsə, onda gömrük rüsumu tətbiq edilir. Bağlamanın pulunu başqa valyuta ilə ödəmisinizsə və ya bağlamanın üzərində başqa valyuta qeyd olunubsa, məbləğ dollara çevrilərək hesablanacaqdır.
Bu qayda Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixində 305 nömrə ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” ilə tənzimlənir.
[…] Bağlamanı poçtdan götürməyə getdikdə, özünüzlə şəxsiyyət vəsiqəsi götürməyi unutmayın. Poçtda sizdən bağlamanın növündən asılı olaraq 1,40 manat və ya 2,00 manat gömrük baxışına görə rüsum alınacaq. Poçtdan alınacaq rüsum barədə daha dəqiq məlumat əldə etmək üçün bizim digər məqaləmizi oxuya bilərsiniz: Poçta nə qədər pul verək? […]
[…] görə rüsum sifarişçinin öhdəsinə düşmür. Yəni, digər bağlamalardan fərqli olaraq, malı poçtdan alarkən, rüsum […]