Çindən, xüsusilə də Aliexpress saytından alınan bağlamalarda bizə koronavirus gələ bilərmi? Bəli, bu mümkündür. Baxmayaraq ki, hələ bu cür hal müşahidə olunmayıb, amma bağlama ilə birlikdə, daha doğrusu, bağlamanın içərisində bizə korona virusu (COVID-19) gəlmə ehtimalı mümkündür.

Gəlin məsələyə bir az elmi tərəfdən yanaşaq. Hər hansı bir virusun daşıyıcısı olan insan (əgər bu virus hava, damcı yolu ilə yoluxandırsa) öskürməklə, asqırmaqla, ağlamaq və ağız suyu yolu ilə əşyalara virusu ötürə bilir. Hər hansı bir əşyanın üzərinə hava və maye yolu ilə virus çökübsə, həmin səthdə sutkalarla qala bilər. Bu da asılıdır ətraf mühitin temperaturundan, rütubətliliyindən, həmçinin virus olan səthə birbaşa günəş şüalarının düşməsindən.

Adları və özləri kimi nə qədər qorxulu olsalar da, bir çox viruslar ətraf mühitdə – səthlərdə və havada bir neçə saat yaşaya bilirlər. Hətta bəzi viruslar, misal üçün qrip virusu parça üzərində 15 dəqiqəyədək yaşaya bilir. Virusların yaşama müddəti onların növündən çox asılıdır. Daha çox yaşaya bilmələri üçün onlara nəmişlik, aşağı temperatur lazımdır. Bəzi viruslar bir neçə saat, bəziləri isə bir neçə gün yaşaya bilir. Hətta yuxarı tənəffüs yollarının soyuqdəyməsinə səbəb olan viruslar otaq şəraitində bir həftəyədək qala bilirlər. Amma yoluxma qabiliyyəti 1 sutkadan sonra azalmağa başlayır. Odur ki, bunları nəzərə alaraq, deyə bilərik ki, Çindən aldığımız bağlamaların içərisində bizə virus gəlib çatma ehtimalı çox az da olsa vardır.

Virusa yoluxmamaq üçün nə edək?

Əgər Çindən və ya başqa ölkədən malınız gəlibsə, hər bir zaman sadə gigiyena qaydalarına əməl edin. Bağlamanı açdıqdan sonra əlinizi sabunla yuyun və məhsulun istifadəsi zəruri deyilsə, onu bir-iki sutka quru və təmiz havada saxlayın. Günəş şüaları altında saxlanıla bilən məhsuldursa, bunu da edin. Çünki, bəzi virusları günəşin ultrabənövşəyi şüaları məhv edə bilir. Hətta şüa ilə dezinfeksiya edən xüsusi aparatlar da olur.

Corona virusu barədə

Qeyd edək ki, bugünkü tarixə (18 fevral 2020-ci il) olan məlumatlara əsasən artıq Çində koronavirusdan ölənlərin sayı 1868-ə çatmışdır. Təkcə son iki gün ərzində Çinin Xubey provinsiyasında 200-ədək insan dünyasını dəyişib. Ümumilikdə isə fəlakətin ocağı sayılan Xubeydə 1789 nəfər bu virusdan həlak olub. Faktların ən çoxu provinsiyanın paytaxtı olan Uxan şəhərində müşahidə olunur.

Korona virusu Çin ilə yanaşı Yaponiya, Cənubi Koreya, Taylan, ABŞ, Almaniya, Avstraliya, Finlandiya və Fransada da aşkar olunmuşdur. Ekspertlər təxmin edirlər ki, bu virusun yayılmaması üçün bütün ölkələr ciddi tədbirlər görməsinə baxmayaraq, yaxın bir ay ərzində başqa ölkələrdə də bu virusun yayılması halları müşahidə olunacaqdır.

Odur ki, əlimizdə olan bütün fiziki imkanlardan istifadə edərək uca Allaha təvəkkül edək ki, bizi məxluqatın şərindən qorusun.

1542 dəfə cəmi baxılıb 1 dəfə bu gün baxılıb