Salam, dostlar. İnternet üzərindən sifariş edən şəxsləri bir müddət sonra bir sual düşündürür: Aliexpress saytı daha sərfəlidir, yoxsa Ebay? Bu sualın cavabını bilmək üçün kifayət qədər təcrübə toplamaq lazımdır. Amma bu təcrübəni toplayana qədər də bizim bir çox səhvlərimiz ola bilər. Odur ki, gəlin qabaqcadan bu saytların müqayisəsini edək və hər birinin müsbət və mənfi xüsusiyyətlərinə diqqət edək.

İlk növbədə sifarişin bizə gəlib çatmasına qədər olan mərhələlərə və onların asanlığına, eləcə də etibarlılığına diqqət yetirək. Sifariş zamanı biz malın seçimindən başlayırıq. Daha sonra mal və satıcı haqqında məlumatları araşdırıb malın pulunu ödəyirik. Daha sonra biz gözləyirik. Bəzən isə mal gəlib çıxmadıqda və ya xarab, fərqli çeşiddə, rəngdə, ölçüdə gəldikdə, geri qaytarıb pulunu alırıq. Bütün bu mərhələlər hər iki saytda fərqlidir.

Sistemin dili

Hər iki sayt müxtəlif dilləri dəstəkləyir. Amma dil seçimində Aliexpress öndə gedir. Sayta türkçə baxmaq mümkün olduğundan, ondan bizim ölkədə asanlıqla istifadə etmək mümkündür.

Telefonda istifadə

Hər iki saytın mobil telefonda rahat şəkildə istifadə edə bilmək üçün proqram təminatları vardır. Onları App Store və Play Store-dan asanlıqla yükləmək olar. Mobil proqram versiyasının istifadəsini genişləndirmək və ümumiyyətlə, alışverişə həvəsləndrimək üçün Aliexpress mobil proqram vasitəsi ilə edilən sifarişlərin qiymətində endirimlər tətbiq edir.

Malın və satıcının sifarişöncəsi qiymətləndirilməsi

Aliexpress və Ebay çoxlu sayda satıcıların cəm olduğu bir «bazar» olduğu üçün burdakı satıcılar göstərdikləri xidmətlərə görə bir-birilərindən fərqlənirlər. Bütün alıcılar istəyər ki, dürüst və tələbkar satıcıdan mal alsın. Bu satıcıları da qiymətləndirmək üçün reytinq üzrə qiymətləndirmədən istifadə olunur ki, bu qiyməti də satıcılara onlardan mal almış alıcılar verir. Odur ki, hər iki platformadakı satıcılar çalışır ki, alıcıları razı sala və onlardan 5 ulduz qiymət ala bilsinlər. Bu, satıcılar haqdakı məlumatdır. Bu qayda ilə mallar barədə də rəylər bildirmək olur. Yəni, hansısa malı sizdən qabaq alıblarsa, alıcı mal barədə öz rəyini yaza bilər. Aliexpress saytında daha bir üstünlük vardır ki, alıcılar onlara gəlib çıxmış bağlamanın (paketin) vəziyyətinin şəklini, aldıqları malın şəklini çəkib rəydə yerləşdirə bilirlər. Yəni, almaq istədiyiniz malın real şəklini alıcıların rəyindən öyrənə bilərsiniz. Məhz bu üstünlüyü də sizə Aliexpress verir.

Daha ucuz sayt hansıdır — Ebay yoxsa Aliexpress?

Xarici saytlara üz tutmuşuqsa, deməli, məqsədimiz həm də ucuz almaqdır. Xarici saytların içərisində də daha ucuzunu tapmaq lap ürəyimizcə olar. Əgər bizim almaq istədiyimiz mal Çin istehsalıdırsa, onda fikirləşmədən onu Aliexpressdən almalıyıq. Çünki, Aliexpress saytı çinli satıcıların toplaşdığı və azad rəqabət apardığı bir platformadır. Odur ki, Çin mallarını ən ucuz məhz bu saytdan ala bilərsiniz. Hətta bəzi satıcılar malı Aliexpressdən «götürüb» üstünə pul qoyub Ebayda satır ki, buna da dropşipping (birbaşa çatdırma) deyilir. İnşəAllah bu barədə ayrıca məqaləmiz olacaq. İşdir, qeyriÇin malı almaq istəyirsinizsə, onda əvvəlcə onu Ebayda axtarın. Çünki, Aliexpressdəki satıcılar malı əsasən Çindən yola saldıqları üçün başqa ölkələrin istehsalı olan mallar ordan sizə baha gəlib çatacaq. Üstəlik, bu mallar təmir olunmuş və ya çin versiyaları ola bilər.

Malın pulunun ödənişi
Sifarişin etməyin asan olması ödənişin asan olmasından da çox asılıdır. Sayt bütün dünyada istifadə edilən ödəniş sistemləri ilə təchiz olunmalıdır ki, ondan daha çox adam yararlana bilsin. Aşağıda bu iki saytın ödəniş imkanlarını təqdim edirik. Qiyməti isə özünüz verin:

Aliexpressdə ödəniş sistemləri:

  • Plastik kartlar VISA, MasterCard və ya Maestro;
  • Webmoney;
  • Yandex.Money ;
  • QIWI;
  • SMS ödəniş (Rusiyadaxili)
  • və başqaları.

Ebay-da ödəniş sistemləri isə cəmi üçdür:

  • PayPal;
  • Plastik kartlar — VISA, MasterCard;
  • QIWI.

Gözləmə müddəti

Malın bizə gəlib çıxma müddəti onu hansı saytdan aldığımızdan deyil, hansı poçtla (göndəriş firması ilə) yola salınmasından asılıdır. Yəni, fərq etməz, Ebaydan alaq, ya Aliexpressdən. Satıcı hansı poçtla yollayıbsa, məhz ondan asılıdır. Hansı poçtla yollamağı isə bəzən ancaq satıcının öz seçimi olur, bəzən isə variant şəklində bu seçimi bizə həvalə edir. Təbii ki, çatdırılma xidmətlərinin qiymətləri də müxtəlif olur. Malın daha tez gəlib çıxmasını istəyiriksə, xüsusi (özəl) — sürətli poçt firmalarının xidmətlərindən istifadə edə bilərik ki, bu da malın öz qiymətindən də baha edir. Odur ki, malın bizə gəlib çatma müddətində bu iki sayt arasında fərq yoxdur.

Pulların qorunması

Aliexpress saytı Escrow sistemindən istifadə edir ki, bu sistem də Alipayın tərkib hissəsidir. Alipay isə öz nüvbəsində Alibaba şirkətlər qrupunun nəzdindədir. Sizin sifariş zamanı ödədiyiniz pulu Escrow sistemi özündə saxlayır, mal gəlib əlinizə sağ-salamat və dəqiq çatdıqdan sonra sizin təsdiq cavabınızdan sonra satıcıya ödəyir. Bu da satıcıların üzərində böyük bir məs`uliyyət yaradır ki, alıcılara keyfiyyətli xidmət göstərsinlər.

Ebay saytının alıcılar yanındakı zamini isə əsasən PayPal ödəmə sistemidir.

Ümumiyyətlə alıcıların hüquqlarını qoruma baxımından Aliexpress öndə gedir. Hətta Aliexpressin hazırkı qaydalarına əsasən, bütün sifarişlər izləmə nömrəsi (trcking number) ilə təmin edilməlidir. Satıcının söz verdiyi müddət ərzində mal alıcıya çatmasa, qaydalara əsasən alıcı malın pulunu geri ala bilər. Buna baxmayaraq, Aliexpress satıcıların hüquqlarını da qoruyur. Alıcıların sui istifadələrə yol verməmələrindən ötəri mütəmadi yoxlamalar aparır. Ona görə də qaydaları pozan və ya qaydalardan sui istifadə etməyə çalışan bir çox alıcı və satıcıların akauntları sistemdən silinir.

Yekun olaraq bildiririk ki, bu iki saytın hansına üstünlük verməyimiz almaq istədiyimiz mallardan asılıdır. Unutmayaq ki, internet şəbəkəsində olan mağazalar tək bu iki saytdan ibarət deyil. Başqa saytlar barəsində də bizim saytımızdan məlumat əldə edə bilərsiniz. Onların bəzilərinə qısaca burdan nəzər yetirə bilərsiniz: Onlayn internet mağazalar.

Hər birinizə uğurlar!

599 dəfə cəmi baxılıb 3 dəfə bu gün baxılıb