İnternetdə pul qazanmaq yolları

Salam, əziz oxucular. Əgər siz bu yazını oxuyursunuzsa, çox güman ki, axtarış edib tapmısınız. Əgər siz axtarmırdınızsa, bilin ki, bu sual ilə internetdə çox axtarış edirlər. İnternetdən istifadə etməyə başlayanları və çoxdan istifadə edənləri bu sual çox maraqlandırır. İnternetdə pul qazanmaq olurmu? Bəli, internetdə pul qazanmaq olur. Bu yazımızda aydınlıq gətirməyə çalışacağıq ki, qazana biləcəyimiz yollar hansılardır və qazanmaq şansımız nə qədərdir.

İlk öncə onu deyim ki, bir çoxları yanlış olaraq elə bilir ki, internet çox şeyə qadirdirsə, orda az zəhmət çəkməklə çoxlu pul qazanmaq olar. Əgər siz də elə düşünürsünüzsə, sizə gözlədiyiniz cavabı verməyəcəyik. Çünki adi həyatda olduğu kimi, internet üzərindən də halal pul qazanmaq çox zəhmət və vaxt tələb edir. Elə adi həyatda olduğu kimi haram və qeyri-qanuni yollarla asan və çoxlu pul qazanmaq imkanları da var internetdə. Bu cür saytların qurbanı olmamağınız üçün onlardan da yazacağıq. Amma hələlik internetdə halal və qanuni yollarla pul qazanmağın yollarından və imkanlarından yazaq.

Gəlin fikrimizi asan izah etmək üçün interneti bir varlıq kimi təsəvvür edək. İntenetdə pul qazanmaq olursa, bu pul internetdə hardandır? İnternet özü pul kəsirmi? Xeyr. İnternetə pulu kimlər isə qoyur və əvəzində də nə isə tələb edir. Və bu tələbləri (istəkləri) yerinə yetirənlərə də həmin puldan pay düşür. Yəni, kim isə internetə pulu səpmir ki, başqaları da yığıb götürə. Bilin ki, internetdə qazanmaq istədiyiniz pulun əvəzində hansısa işi görməlisiniz. Hətta bəzi işlər var ki, real həyatdakılardan da çətin gələ bilər sizə.

Hesab edirəm ki, az da olsa təsəvvür yarandı sizdə. İndi belə bir sual üzərində düşünək. İnternetdə pul qazanmaq üçün nə etmək lazımdır? Bunun üçün pul verən adamların istəklərini yerinə yetirmək lazımdır. Buna da bacarıq və vaxt lazım olacaq.

Bizə pulu nəyin müqabilində verəcəklər?
İnternet üzərində olan işlər görülməsinə görə iki yerə bölünür:
►Tam internet üzərində görülən;
►Bir hissəsi internet üzərində (onlayn), digər hissəsi offlayn görülən işlər.
Misal üçün siz saytlar üçün məqalələr yaza bilirsiniz, sifariş götürürsünüz, məqalə yazıb sifarişçiyə təqdim edib pulunuzu alırsınız. Bu zaman nə o sizi görür, nə də siz onu. Bu oldu onlayn iş.
Yaxud da siz xarici saytların birindən elektron cihaz sifariş etmisiniz, mal gəlib çıxır və siz onu tanışlardan birinə aldığınızdan baha qiymətə satırsınız. Bu da oldu həm onlayn, həm də oflayn iş.

Sərmayəsinə görə də internetdəki işlər iki yerə bölünür:
►Sərmayə tələb olunmayan işlər;
►İlkin sərmayəyə ehtiyacı olan işlər.

Yuxarıda birinci çəkdiyimiz misal sərmayə tələb etməyən işlərdəndir. Siz ancaq zehninizi işlədib pul qazandınız. İkinci misalda isə sizə ilkin sərmayə lazım olacaq ki, xaricdən nə isə sifariş edə biləsiniz.

Əsas anlayışları izah etməyə çalışdıq. İndi isə internetdə pul qazanmağın yollarını ayrı-ayrılıqda sadalamağa çalışacağıq.

Youtube.com saytından pul qazanmaq.
Yutubdan pul qazanmaq üsullarını yəqin ki, çoxdan eşitmisiniz. Bəli, burda Youtube.com saytı pul verən, siz isə pul qazanan olursunuz. Və youtube saytı da sizə pulu ehsan eləmir. Buna görə siz yutuba “işləməlisiniz”, o da sizin hesabınıza özü pul qazanacaq və sizə bundan bir hissəsini verəcək. Həmçinin, siz youtube.com vasitəsi ilə birbaşa youtube`un özündən deyil, başqa (reklam etdiyiniz) şəxslərdən də pul qazana bilərsiniz. Bu barədə ayrıca məqaləmiz olacaq və orda sizə Youtube.com saytından pul qazanmağın şərt və yolunu izah edəcəyik.

Onlayn internet mağazalardan mal-alqı satqısı
Aliexpress, Ebay, Banggood, Gearbest, Dhgate və sair onlayn mağazalar var ki, siz bu saytlardan ucuz qiymətə mal sifariş edib burda (ölkədə) baha qiymətə sata bilərsiniz. Amma bu cür pul qazanmaq üçün sizə vaxt və ilkin sərmayə lazım olacaqdır. Onlayn alışveriş saytları ilə tanışlıq və onlarla alışveriş qaydaları haqda ayrıca məqalələrimiz vardır. Bu saytdan oxuya bilərsiniz.

Onlayn mağazalarla tərəfdaşlıq
Yuxarıda sadaladığımız və adlarını yazmadığımız yüzlərlə saytlar vardır ki, onlar sizə pul qazanmağınız üçün heç bir sərmayə qoymadan iş təklif edirlər. Bu iş – onlar üçün müştəri cəlb etməkdir. Yəni, siz özünüz mal almasanız da həmin saytlara müştəri yönləndirsəniz həmin müştərinin alışverişinə görə sizə saytlar pul ödəyəcək. Bu barədə də ayrıca məqaləmiz olacaqdır.

Dropşipping yolu ilə pul qazanmaq
Bu, elə bir alışveriş növüdür ki, sizin nə malınız var, nə da anbarınız. Amma siz mal satırsınız. Sizin sadəcə olaraq, saytınız olur və orda sizin olmayan malları satırsınız. Alıcı sizdən mal almaq üçün pul ödəyir, siz də vaxtı itirmədən tərəfdaş olduğunuz (və ya olmadığınız) saytdan həmin malı sifariş edib birbaşa öz alıcınızın ünvanına göndərirsiniz. Alıcı da elə bilir ki, malı sizdən alıb. Buna da sərmayə lazım deyil. Sadəcə olaraq sizə lazım olan sayt olur ki, bugünkü dövrdə onu da pulsuz yarada bilərsiniz. Dropşipping barədə də ayrıca məqaləmiz olacaqdır.

Faberlic, Oriflame və sair parfümeriya və kosmetika saytları ilə əməkdaşlıq
Bu tip saytlarla alışveriş edərək, demək olar ki, sərmayəsiz başlaya bilərsiniz işə. Sifarişi onlayn edib götürürsünüz, malları oflayn təhvil verib pulunu alırsınız. Sizin firmalara ödədiyiniz anbar qiyməti ilə kataloq oyməti arasındakı fərq sizin qazancınız olur. Həmçinin, bu firmalarla əməkdaşlıq üçün özünü kimi başqalarını da cəlb etsəniz (onlayn da edə bilərsiniz), əlavə maaş almaq imkanınız da yaranır. Qeyd etdiyimiz firmalardan biri – Faberlic firması barədə saytımızda ayrıca məqalələr vardır.

Foto, məqalə satışı, dizayn və sair xidmətlər
İnternetdə həmçinin zehni xidmətlər göstərməklə də pul qazana bilərsiniz. Məsələn, yazar kimi qeydiyyatdan keçib öz sahənizə uyğun məqalələr yazıb sifarişçiyə sata bilərsiniz. Eləcə də sifarişçidən hər hansı bir dizayn sifarişi götürüb qrafik proqramlarda işləyərək pul qazana bilərsiniz. Əgər yaxşı foto çəkmək bacarığınız varsa, keyfiyyətli formada fotolar çəkərək, klipartlar hazırlayaraq ixtisaslaşmış saytlarda (shutterstoc.com, depositphotos.com və s. ) satışa çıxara bilərsiniz. Əvvəllər bunun üçün fotoaparat lazım idisə, indi telefonla da bu işi görə bilərsiniz. Yetər ki, foto zövqünüz və qrafik proqramlarda işləmək bacarığınız olsun.

Veb saytlardan pul qazanmaq
Veb saytların gəlirləri əsasən, reklamdandır. Televiziya kanallarında tez-tez reklam verildiyi kimi saytlarda da tez-tez reklamlarla üzləşirik. Bu reklamları yayımladığına görə sayt sahibinə reklamçılar pul ödəyir. Bir manat qazana bilmək üçün saytda azı 1000 dəfə reklam görünməlidir. Buna görə də saytı elə hazırlamaq lazımdır ki, hər gün minlərlə ziyarətçisi olsun. Eləcə də ayrıca olaraq siz hansısa firmanı və ya məhsulu reklam edib sahibindən birbaşa pul qazana bilərsiniz. Yuxarıda qeyd etdiyimiz Onlayn mağazalarla ərəfdaş proqramı kimi.

Mobil telefonlar üçün proqram və tətbiqlərdən pul qazanmaq
Smartfon istifadəçisisinizsə, onda sizin qarşınıza da pullu proqram çıxmamış olmaz. Hansısa prqramı yükləmək üçün pul ödəmək lazım olduğunu görmüsünüz. Eləcə də telefonunuzda istifadə etdiyiniz bəzi proqramların tez-tez sizə reklam göstərdiyini müşahidə edirsiniz. Bunlar hamısı puldur. Yəni, bu proqramları yaradanlar (və ya yaratdıranlar) gördüyünüz reklamlara və ödədiyiniz pula görə pul qazanır. Siz də müvafiq kursları bitirib telefonlar üçün proqram hazırlayıb onlardan pul qazana bilərsiniz. Yuxarıda demişdik axı bəzi işlər real həyatdakı fiziki işlərdən də çətin gələ bilər sizə.

Domen (sayt adı) alqı-satqısı
Hər bir saytın özünəməxsus adı – domeni vardır. Və bu domenlərin (Dövlət qurumlarına aid olanlar istisna olmaqla) alqı-satqısı azad şəkildə həyata keçirilir. Kim isə özünə sayt açmaq istəyirsə, onun üçün ad – domen almalıdır. Ona görə də bəzi adamlar asan və daha məhşur adları qabaqcadan alırlar ki, sonra onları baha qiymətə satsınlar. Bu barədə də ayrıca məqaləmiz olacaqdır.

Kriptovalyutaların alqı-satqısı
Pul ilə alıb-satmaq mümkün olduğu kimi, pulun özünü də alıb-satmaq mümkündür. Misal üçün, birində 100 avro var, başqasına da avro lazımdır. Avro sahibi pulunu 150 dollara satır. Yaxud da bilir ki, dollar bahalaşmaq üzrədir, pulunu çevirir dollara. Bu cür çevirmə və alqı-satqı ilə pul qazanır.

Reklamlara baxmaqla, rəy yazmaqla pul qazanmaq
Bəzi saytlar vardır ki, pulu ona görə verir ki, hansısa sayt və sosial şəbəkələrdə rəy yazasınız, abunə olasınız və ya videolara baxasınız. Bu da qeyri-qanuni işlərdəndir. Heç qazancı da çox deyildir.

Kazino, mərc oyunları və s.
Çoxlu sayda reklamlarla rastlaşırıq ki, mərc oyunlarına, lotoreya və kazino tipli şans oyunlarına həvəsləndirirlər. Bütün bunlar tələdir ki, sizdən pul qoparsınlar. Haramlığı da öz yerində.

Aldatmaq və fırıldaqçılıq
Çox təəssüf ki, internet üzərindən də etibardan sui istifadə və aldatma yolu ilə başqalarının pullarını mənimsəmək mümkündür. Bu cür pul qazanmaq asan olsa da haram və qeyri-qanunidir. Özünüzü belə saytlardan qorumaq üçün internetlə və ya oflayn pul ödəyərkən, əlaqəli sayt və ya şəxs barəsində məlumat toplayıb etibarlı olmasına əmin olun.

Yuxarıda sadaladıqlarımıza əsasən demək olar ki, internetdə asan pul yoxdur. Əgər kim isə sizə deyirsə ki, filan cür elə, qısa müddətdə çoxlu pul qazanacaqsan, inanmayın. Əgər elə bir şey olsaydı, o adamlar sizə demədən, ancaq özləri qazanmağa çalışardı və ya öz qohumlarından başlayardılar. Bəli, yuxarıda sadaladığımız yollarla (haramlar və qeyri-qanunilər istisna olmaqla) ay ərzində çoxlu (müəllimin maaşından da artıq) pul qazanmaq imkanınız var. Amma bunun üçün çox səbirli və zəhmətkeş olmalısınız.

Çox adamlar tanıyıram ki, Youtube.com saytında kanal yaradıb ki, pul qazansın, amma bir neçə video yüklədikdən sonra dayandırıb ki, pul gəlmir. Hər bir işdə olduğu kimi internetdə də ilk vaxtlar qazancınız qəpik-quruş olacaq və ancaq dayanmadan çalışmaqla yüksək qazanca nail olmaq mümkün olacaqdır. Hətta ola bilər ki, sizin internetdəki resursunuz elə həddə çatsın ki, zəhməti əvvəlkindən az, qazancı isə qat-qat çox olsun. Odur ki, internet üzərindən pul qazanmaq üçün sizə ən əvvəl bacarıq, səbr, vaxt və bəzi hallarda isə sərmayə lazımdır. İşə başlayarkən uca Allaha təvəkkül edərək səylə çalışsanız, inşəAllah qazancınız günbəgün artar.

Bu məqaləyə aid sualınız və ya təklifiniz, eləcə də iradınız olsa, rəy yerində və ya saytın əlaqə bölümündə yaza bilərsiniz.

1318 dəfə cəmi baxılıb 1 dəfə bu gün baxılıb

Добавить комментарий