AliExpress (Aliekspres) Çin mallarının ən ucuz qiymətə onlayn satıldığı hipermarketdir. Yə`ni özündə müxtəlif satıcıları və mağazaları birləşdirən bir platformadır. Aliexpress.com səhifəsi özü Alibaba qrupuna aid olan saytlardandır. Aliexpress saytında mallar əsasən 27 kateqoriya üzrə çeşidlənmişdir. Bunlar aşağıdakılardır:
| 1. Qadın geyimləri və aksesuarlar | 15. Toy və məclis |
| 2. Kişi geyimləri və aksesuarlar | 16. Məxsusi geyimlər |
| 3. Telefon və telekommunikasiya | 17. Avtomobil və motosikl |
| 4. Kompüter və ofis | 18. İşıqlar və işıqlandırma |
| 5. Məişət elektronikası | 19. Mebel |
| 6. Cəvahirat | 20. Sənaye və biznes |
| 7. Mənzil və bağ | 21. Elektron ləvazimatlar və hissələr |
| 8. Çanta və boxça | 22. Ofis və məktəb ləvazimatları |
| 9. Ayaqqabı | 23. Elektrotexniki avadanlıq və ləvazimatlar |
| 10. Ana və körpə | 24. Hədiyyə və əl işləri |
| 11. İdman və əyləncə | 25. Mənzil təchizatı |
| 12. Sağlamlıq və gözəllik | 26. Ərzaq |
| 13. Saatlar | 27. Səyahət və istirahət |
| 14. Oyuncaq və məşğuliyyət |
Bu kateqoriyalar da öz növbəsində alt kateqoriyalara bölünürlər. Sayta ingilis, rus, türk və digər dillərdə baxa bilərsiniz. Malların axtarışı:
Aliexpressdə hər hansı bir malı axtarmaq çox asandır. Axtardığınız malın adını axtarış xanasında yazarkən, Aliexpress sizə dərhal açar sözləri təklif edəcək. Həmçinin siz kateqoriyalardan istifadə edərək də lazım olan malları axtara bilərsiniz. Axtarışı daha da asanlaşdırmaq üçün filtrdən istifadə edə bilərsiniz. Axtarışı aşağıdakı şərtlərə uyğun filtrləyə bilərsiniz: pulsuz çatdırma, qiymətə görə sıralama, malın reytinqinə görə sıralama və s. Hər kateqoriyanın özünə görə əlavə filtr şərtləri də vardır. Məsələn Mobil Telefonlar kateqoriyasında axtarış edirsinizsə, telefonun ekran ölçüsü, SIMkart sayı, əməliyyat sistemi, əməli yaddaşı (RAM), prosessoru və s. funksiyalarını təyin edə bilərsiniz.
Ödəniş sistemi: Sifarişin pulunun ödənişini plastik kartlarla (VISA, MasterCard, Maestro), elektron ödəmə sistemləri ilə (Alipay, QIWI Wallet və ya Яндекс.Деньги) həyata keçirə bilərsiniz. Bu ödənişlər sayt tərəfindən 24 saat ərzində qəbul olunur. Məqsəd – kart və ya hesab sahiblərinin hesablarının təhlükəsizliyini təmin etməkdir. Həmçinin ödənişi Webmoney ödəmə sistemi ilə də həyata keçirə bilərsiniz.
Aliexpress saytı irili-xırdalı bütün sifarişlərə nəzarət edir. Alıcıların və eləcə də satıcıların hüquqlarını qoruyur. Sanki alıcı ilə satıcı arasında etibarlı vasitəçi rolunu oynayır. Odur ki, Aliexpress saytında qaydaları bilən alıcı heç vaxt aldanmaz.
Malın çatdırılması:
Malların göndərişini Aliexpress yox, satıcı özü həyata keçirir. Odur ki, satıcı müxtəlif qiymətlər və müxtəlif çatdırılma vaxtı təklif edə bilər. Pulsuz çatdırma (Free Shipping) və özəl çatdırma xidmətlərinin qiymət fərqi olduğu kimi çatdırma müddətində də fərq vardır. Azərbaycana gələn bağlamalar orta hesabla 15-50 gün çəkir.
Malı aldıqdan sonra Aliexpress saytında bu haqda bildirişi təsdiqləyirsiniz. Bundan sonra sifarişiniz tamamlanmış olur. Əgər aldığınız mal saytda göstərildiyi kimi deyilsə və ya hər hansı qüsuru vardırsa, onda bu haqda saytda qeyd edirsiniz və satıcı ilə danışıqlar aparırsınız (malın dəyişdirilməsi, kompensasiya ödənilməsi və s.). Əgər alıcı ilə satıcı razılıq əldə edə bilməsə, Aliexpress məsələyə qarışır. Bu işlər kor-koranə deyil, sifariş və bağlamaya aid dəlillərlə həyata keçirilir. Aliexpress alıcının da, satıcının da hüquqlarını qoruyur.